ELM VƏ TƏHSİL
Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu elm müəssisəsinin direktoru, akademik Nazim Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən Bakıya qoşun yeridildiyini, əliyalın, günahsız insanların qətlə yetirildiyini söyləyib. Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Bu cinayət ölkə vətəndaşlarının hüquqlarını pozmaqla yanaşı, Azərbaycan xalqının demokratiya, milli azadlıq istəyini boğmaq məqsədi daşıyırdı.
İnstitutun direktor müavini, akademik Cavad Abdinov zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya siyasətindən söz açıb. Bildirib ki, ötən əsrin 80-ci illərin ikinci yarısından başlayaraq erməni separatçıları Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başladılar. Azərbaycan və Ermənistan eyni dövlətin - SSRİ-nin tərkibində idi. Bu dövlətin borcu idi ki, Azərbaycanın ərazi bütövlüyünü qorusun.
C.Abdinov sovet hökumətinin bu funksiyanı yerinə yetirmədiyini söyləyib və 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu deyib.
Tədbirdə çıxış edən texnika elmləri doktoru Əli Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova və başqaları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən vəhşiliklərdən danışıblar.
Sonda 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib. İnstitutun əməkdaşları Lalə Əliyeva və Aytən Şərifli 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərini oxuyublar.