CƏMİYYƏT
Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanları inkişaf etdirilir
Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilən tədbirdə layihə barədə ətraflı məlumat verilib.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavid Qasımov bildirib ki, layihənin məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, günü-gündən inkişaf edən ölkəmizdə bu qəbildən olan insanların həyat və məişətinin yaxşılaşdırılmasına hər zaman diqqət göstərilir.