İQTİSADİYYAT
Fiziki şəxsin ikinci iş yerindəki əməkhaqqı vergi güzəşti tətbiq edilmədən hesablanır
Bakı, 13 fevral, AZƏRTAC
Fiziki şəxsin əlavə iş yerindən ona ödənilən əməkhaqqından gəlir vergisi hansı formada tutulur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Belə ki, şəxsin ikinci iş yeri dövlət sektoru olarsa, əməkhaqqının 2500 manatadək hissəsinə 14 faiz, 2500 manatdan çox olan hissəyə 25 faiz dərəcə ilə vergi hesablanır. İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz sahəsi olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda əməkhaqqının 8000 manatadək hissəsinə 0 faiz, 8000 manatdan çox məbləğə isə 14 faiz dərəcə ilə vergi hesablanır. Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.