ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutu BMT-nin Qocalma İnstitutunun regional mərkəzi seçilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın Rəyasət Heyətində keçirilən görüşdə herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə elmi tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın uzunömürlülər diyarı kimi qəbul olunduğunu vurğulayan Ə.Əmiraslanov bu sahədə AMEA-nın müvafiq elmi müəssisələrdə, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparılan tədqiqatların yüksək fundamental və təcrübi əhəmiyyətini, herontoloji tədqiqatların daha geniş inkişafı üçün mövcud imkanlardan istifadə ediləcəyini diqqətə çatdırıb.
Sonra Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova institutun herontologiya sahəsində həyata keçirdiyi elmi tədqiqat layihələrinin nəticələri haqqında qısa məlumat verib.
Fiziologiya İnstitutunda müvafiq sahədə əldə edilən təcrübənin əsas götürüldüyünü deyən M.Formoza bildirib ki, həmin elm müəssisəsi BMT-nin Qocalma İnstitutunun regional mərkəzi seçilib.
Səfər çərçivəsində M.Formoza yüksək uzunömürlülük indeksi ilə fərqlənən Lənkəran rayonundakı Fiziologiya İnstitutunun həyata keçirdiyi “Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi” proqramının iştirakçıları ilə görüşəcək.