İQTİSADİYYAT
Formula 1 yarışları günü Bakı metrosunun iki stansiyası gecə saat 2-dək fəaliyyət göstərəcək
Bakı, 11 aprel, Elvin Camalov, AZƏRTAC
Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək Formula 1
Azərbaycan Qran-Prisi ilə əlaqədar olaraq, Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmçinin “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi yarışın keçirildiyi günlərdə metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib. Məqsəd tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahətyönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.
Bakı metropoliteni “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.