REGİONLAR
Fotoqraf Orxan Aslanov: Naxçıvanı gəzib görmək üçün bir ömür bəs etməz
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvanı gəzib görmək üçün bir ömür bəs etməz. Çünki istər buradakı qədim tarixi abidələr, istərsə də möhtəşəm təbiət mənzərələri, qədimliklə müasirliyin harmoniyası insanı cəlb edir, heyrətləndirir. Ona görə də Naxçıvanı qarış-qarış gəzmək istəyirsən.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində peşəkar fotoqraf, Fotoqrafiya Məktəbinin yaradıcısı Orxan Aslanov deyib.
Bir müddət öncə Naxçıvan Muxtar Respublikasında da çəkilişlər aparan Orxan Aslanov buradan xoş təəssüratlarla ayrılıb. “Naxçıvan Azərbaycanın ayrılmaz parçasıdır və çox gözəl təbiətə malikdir” - deyən fotoqraf hazırlanacaq nəşrdə muxtar respublikanın təbiətinin zənginliyinə, tarixi abidələrinə ayrıca yer verildiyini bildirib. O deyib: “Bundan əvvəl bir kitab işıq üzü görmüşdü, orada da Naxçıvanla bağlı fotolar var idi. Amma indi daha da zəngin, gözəl, hərtərəfli materiallar hazırlanır”.
Orxan Aslanov bildirib ki, Naxçıvanda diqqətini cəlb edən məqamlardan biri də burada ovun qadağan olunmasıdır: “Yolla getdiyin zaman dağ keçilərini, müxtəlif vəhşi heyvanları görmək olar. Düşünürəm ki, bu, muxtar respublikada ovun qadağan edilməsinin nəticəsidir. Qədim yurdda boy göstərən və muxtar respublikanın hər tərəfindən görünən möhtəşəm Haçadağ, həmçinin gözəlliyi ilə göz oxşayan Batabat və Göygöl ən çox diqqətimi çəkən təbiət möcüzələridir. Kotam tərəflər, ümumiyyətlə, Ordubadın gözəlliyi də insanı heyran edir. Mən bu dəfə Ordubadın Göygölünü özüm üçün kəşf elədim. Piyada yolu çətin olsa da, o əziyyətə dəyər".
Orxan Aslanov səfər zamanı göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib: “Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün bizə yaxından köməklik göstərildi, muxtar respublikanın müxtəlif bölgələrinə getməyimiz üçün hər cür şərait yaradıldı. Buna görə minnətdaram”.
Fotoqraf bildirib ki, budəfəki çəkilişlər bəs etməyib. Belə ki, Göygölün donu hələ açılmadığından o, sırf Göygölü və vəhşi heyvanları görüntüləmək üçün iyulun 15-də bir daha Naxçıvana gəlməyi planlaşdırır.