CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2019-2020-ci tədris ili üçün təhsilin bakalavriat pilləsinə kursant qəbulu elan edilir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti dörd ildir. Dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilən tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin edilir, təqaüd alırlar. Məzunlara seçdikləri ixtisasa uyğun bakalavr ali peşə-ixtisas dərəcəsi verilir. Onlar müvafiq rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyi sistemində vəzifələrə təyinat alırlar.
Namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 2019-cu il sentyabrın 15-dək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan və qeyd edilən tarixədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları, ikinci mərhələdə isə birinci ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlərin aprelin 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək FHN Akademiyasında (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) sənəd qəbulu komissiyası tərəfindən qəbul edilir. Ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından almaq mümkündür.
Fövqəladə Hallar Nazirliyinin sənəd qəbulu komissiyasının əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.