CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə yay mövsümündə yanğın təhlükəsizliyi ilə bağlı növbəti seminar-müşavirə keçirilib
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Sumqayıt şəhərində “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə FHN DYNX-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Rafiq Ağayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyev, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 24 saylı Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı İlham Gülməmmədov, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Hüseyn Həsənov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sərviz Süleymanov, “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Məmmədov, habelə qəsəbə bələdiyyə sədrləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
Tədbirdə yay mövsümü üçün xarakterik olan yanğınlardan söz açılıb, yanğın təhlükəsizliyinə dair müvafiq müzakirələr aparılıb, nazirliyin əməkdaşlarının tövsiyələri dinlənilib.
Seminar-müşavirədə FHN-in əməkdaşları tərəfindən yolkənarı və kommunikasiya xətləri keçən sahələrin quru ot və kol-kosdan təmizlənməsinin, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb, suallar cavablandırılıb.