CƏMİYYƏT
Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili müzakirə edilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən “Bakı Telefon Rabitəsi” MMC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi rəhbər və komandir-rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, fövqəladə hal şəraitində birgə fəaliyyətin uzlaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqların təkmilləşdirilməsi və s. olub.
Məşqə Mərkəzin struktur bölmələri, “Bakı Telefon Rabitəsi” MMC-nin rəhbər heyəti, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti cəlb edilib.
Tədbirdə şərti baş vermiş fövqəladə hallar üzrə siqnallar əsasında “Bakı Telefon Rabitəsi” MMC-nin rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti xəbərdar edilib. Həmçinin fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üzrə təkliflərin təqdim edilməsi və qərarın qəbulu, tabeçilikdə olanlara tapşırıqların qoyulması və çatdırılması, idarəetmənin, qarşılıqlı fəaliyyətin, hərtərəfli təminat üzrə tədbirlərin təşkil edilməsi və yerinə yetirilməsi, əlavə qüvvə və vasitələrin cəlb edilməsilə bağlı aidiyyəti üzrə müraciət olunması, eləcə də qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı idarəetmə üzrə digər tədbirlərin yerinə yetirilməsi fəaliyyətləri icra edilib, müəyyənləşdirilən qaydada məruzələr olunub.
Məşqin sonunda “Bakı Telefon Rabitəsi” MMC-nin iclas zalında vasitəçilərin iştirakı ilə qurumun rəhbər və mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib.