CƏMİYYƏT
Fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 24 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi yanvarın 24-də FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birlikdə Lənkəran rayonunun Liman şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Təhsil Şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib.
Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlığı və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilib. Həmçinin dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, eyni zamanda 112 – “qaynar xətt” əlaqə mərkəzi haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.
Sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.