SİYASƏT
Fransa Senatının nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir
Bakı, 4 fevral (AZƏRTAC). Fevralın 5-də Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədr müavini xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Natali Qule ilə yanaşı, Azərbaycana xoş münasibət bəsləyən daha beş senator - xanım Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Bu, onların Azərbaycana ilk səfəridir.
DİDK-nın dəvəti əsasında Natali Qule tərəfindən bir müddət əvvəl planlaşdırılmış bu səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcəkdir. Görüşlərdə Azərbaycan ilə Fransa arasında ikitərəfli məsələlər müzakirə ediləcəkdir. Bundan əlavə, nümayəndə heyəti qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqə ilə də tanış olacaqlar.
Nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun”a qarşı səs vermiş senatorlardır.
Fransa Senatı nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 10-dək davam edəcəkdir.