MƏDƏNİYYƏT
Fransa jurnalında tanınmış yazıçı Əli İldırımoğlunun romanı haqqında resenziya dərc edilib
Bakı, 26 iyul, AZƏRTAC
Fransanın “Boojum” ədəbi nəşrində tanınmış yazıçı və publisist Əli İldırımoğlunun “Mənim rəncbər atam” romanı haqqında resenziya dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllifi Loik di Stefano olan yazıda qeyd edilir ki, tanınmış Azərbaycan yazıçı-publisisti Əli İldırımoğlu 1927-ci ildə anadan olub. Əmək fəaliyyətinə müəllim kimi başlayan Ə.İldırımoğlu sonra jurnalistika sahəsində çalışıb. Bu sahədə tez bir zamanda məşhurlaşan jurnalist Vətənə bağlılığı ilə nümunə göstərib. O, Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb. Onun hekayələri, romanları, yüzlərlə məqaləsi rus, fars və türk dillərinə tərcümə edilib.
Yazıda qeyd olunur ki, Ə.İldırımoğlunun maraqlı əsərlərindən biri də “Mənim rəncbər atam” romanıdır. Bu əsər yazıçı üçün pərəstiş etdiyi rəncbər atasına hörmət rəmzidir. Roman olduqca maraqlı avtobioqrafik ölçüyə malikdir. Əsər oxucunu 1920-ci illərə, Azərbaycanın paytaxtından çox-çox uzaqlarda kiçik bir kəndin gündəlik həyatına qərq edir. Süjet xətti o vaxt əkinçi ailəsində dünyaya göz açan müəllifin baxışlarını əks etdirir. O, beş yaşında olarkən anası dünyasını dəyişir. Kədərli uşaqlıq illəri, romantik gənclik və yetkinlik dövrü barədə xatirələrini oxucularla bölüşür. Bu əsər bütöv bir ömrün acılı, şirinli salnaməsidir. Əsərdə Birinci Qarabağ müharibəsinin ağrı-acılarından, Ermənistanın işğalçılıq siyasətindən də bəhs olunub. Yazıda qeyd olunur ki, “Mənim rəncbər atam” əsəri oxucunu tamamilə fərqli bir dünyaya, məkana və zamana aparır. Ancaq hər şeydən əvvəl, bu kitab ata məhəbbətini əks etdirən gözəl əsərdir.
Loik di Stefano vurğulayır ki, 90 yaşlı azərbaycanlı yazıçı atasına ithaf etdiyi əsəri ilə insanda kövrək hisslər yaradır.