DÜNYA
Fransa “qara cümə axşamı” – ölkədə kütləvi tətillər başlayıb
Ayaçço, 19 yanvar, AZƏRTAC
Fransızlar hökumətin tətbiq etmək istədiyi pensiya islahatı əleyhinə ilk dəfə olaraq səfərbərliyə və tətilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Fransa Həmkarlar İttifaqı Konfederasiyası (CGT) uzun müddət davam edəcək sosial qarşıdurmanı istisna etmədən, hökumətə qarşı etirazlarının ilk “qara cümə axşamı” nümayişinə çıxıblar. İctimai nəqliyyatın bütün sahələrində, eləcə də iqtisadiyyatın müxtəlif sektorlarında baş verən tətillər ölkədə həyatı iflic vəziyyətinə salıb.
Nümayişlərin təşkilatçıları yanvarın 19-nu etiraz nümayişlərinin ilk günü elan ediblər. Sanki “Sarı jiletlilər” hərəkatı yenidən başlayır. Vəziyyət isə ilk mandatını “Sarı jiletlilər” və COVID-19 pandemiyası ilə başa vuran Prezident Emmanuel Makronun ikinci mandatının da sosial qarşıdurmalarla bitəcəyindən xəbər verir.
Müxtəlif həmkarlar ittifaqlarının üzvləri, eləcə də tətil iştirakçıları bu etiraz nümayişlərinin “uzun döyüş” olacağından və onu elə indi başlamağın vacibliyini bildiriblər.
Qeyd edək ki, Fransa üzrə ümumilikdə 221 etiraz nümayişi planlaşdırılıb və ilk nümayişdə 750 mindən çox insanın iştirak edəcəyi bildirilir. Nümayişçilər pensiya islahatlarına səs verəcək deputatların səlahiyyətlərinə xitam verilməsi məsələsini də gündəmə gətiriblər.
“Biz islahatı dəstəkləyən seçilmiş şəxslərlə görüşəcək, onlarla məşğul olacağıq”, - deyə CGT-nin baş qərargahında keçirilən iclas zamanı bəyan edilib.
Neft sektorunun həmkarlar ittifaqları (CGT) ötən həftə bir neçə günlük tətil elan ediblər. Onlar yanvarın 19-da 24 saat, 26-da 48 saat və fevralın 6-dan etibarən isə 72 saat müddətində işi dayandıracaqlarını vurğulayıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Ayaçço