SİYASƏT
Fransada Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı atıla biləcək növbəti addımlar müzakirə olunub
Bakı, 19 may, AZƏRTAC
Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şərəfinə işçi nahar təşkil edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan münaqişəsinə dair Vyanada keçirilmiş yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər. Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə atıla biləcək növbəti addımları müzakirə ediblər.
Tərəflər, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini bildirib.