DÜNYA
Fransada saxlanılan Rusiya senatoru girov müqabilində sərbəst buraxılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Senator Süleyman Kərimov Fransa həbsxanasına göndərilməyəcək. Onun sərbəst buraxılması üçün 5 milyon avro girov təyin olunub və Kərimovun istintaq başa çatanadək ölkədən çıxması qadağan edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nitsa prokuroru Jan-Mişel Pretr Fransa hakimiyyət orqanlarının rusiyalı senatora qarşı vergilərin ödənilməsindən yayınmaqla pulların yuyulması ittihamı irəli sürdüyünü bildirib. Senator pasportunu polis xidmətinə təhvil verməli, həftədə bir neçə dəfə ixtisaslaşdırılmış polis bölməsinə gəlməlidir. O, həmçinin azadlıqda qalmaq üçün 5 milyon avro ödəməli, bəzi şəxslərlə görüşməməli, yaxud əlaqəyə girməməlidir.
Süleyman Kərimov noyabrın 20-də Nitsa aeroportunda saxlanılıb və polis məntəqəsinə aparılıb. Rusiya XİN Fransa tərəfini senatorun diplomatik immunitetə malik olduğu barədə məlumatlandırıb. Fransa Xarici İşlər Nazirliyindən verilən cavaba görə isə senator immuniteti yalnız onun rəsmi səlahiyyətləri çərçivəsindəki fəaliyyətinə şamil edilir və immunitetin bu vəziyyətdə qüvvədə olub-olmaması barədə qərarı məhkəmə çıxaracaq.
Senatorla bağlı baş verən hadisələr rusiyalı siyasətçilərin kəskin reaksiyasına səbəb olub. Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Kərimovun saxlanılması ilə “RF siyasi xadimlərinin ovuna” başlandığını istisna etmir.
Xatırladaq ki, Süleyman Kərimov Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olur, “Nafta Moskva” holdinqinə nəzarət edir. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.