MƏDƏNİYYƏT
Fransada teatr tamaşasında xalq mahnılarımız ifa olunub
Dijon, 24 mart, AZƏRTAC
Fransanın Dijon şəhərinin “Théâtre des Feuillants” teatrında Alessandro Barikkonun Homerin “İliada” əsərinə uyğunlaşdırılmış teatr tamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahui “İliada” tamaşasında milli mahnılarımızı, eləcə də tamaşa üçün öz bəstəsini, o cümlədən “Ay, Laçın”, “Girdim yarın bağçasına” xalq mahnılarını, ənənəvi musiqimiz olan muğamı ifa edib.
Mədəniyyət və Kommunikasiya, həmçinin Ədliyyə nazirliklərinin, İl-dö-Frans mədəniyyət işləri üzrə regional idarəsinin, Paris şəhərinin dəstəyi ilə ərsəyə gəlmiş, Luka Ciyakomoninin səhnələşdirdiyi 10 epizoddan ibarət teatr tamaşasına dəvət alan azərbaycanlı bəstəkarın ifası böyük rəğbətlə qarşılanıb.
Kolmar şəhərinin Konservatoriyasının dirijorluq və vokal sinfini bitirən İlahə Ahui yerli xor qruplarına dirijorluq, eləcə də iki xor qrupu və bir orkestrə rəhbərlik edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Dijon