DÜNYA
Fransada yanacağa verginin artırılmasına moratorium qoyuldu
Bakı, 4 dekabr, AZƏRTAC
Fransanın hakimiyyət orqanları ölkəni bürüyən etirazlar fonunda yanacağın vergisinin artırılmasına yarım illik moratorium tətbiq edib.
AZƏRTAC bu barədə Fransa KİV-lərinə istinadla xəbər verir.
“Zorakılıq dayandırılmalıdır. Biz respublika Prezidenti Emmanuel Makronla növbəti qərar qəbul etmişik. Yanvarın 1-dən qüvvəyə minməli olan 3 vergi tədbirini məsləhətləşmələrdən sonra 6 ay müddətinə dondururam. Onlar bütün tərəflərlə müzakirə olunmadan qəbul edilməyəcək”, - hökumət başçısı Fransa telekanallarının efirində belə deyib.
Baş nazir vurğulayıb ki, heç bir vergi millətin birliyini təhlükə altında qoymamalıdır.“Hərəkat başladıqdan bəri 4 həmvətənimiz həlak olub. Yüzlərlə vətəndaşımız, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarətlər alıb”, - deyə Eduar Filipp qeyd edib. O, həmçinin dekabrın 15-dən martın 1-dək vergi sistemində mümkün dəyişikliklər mövzusunda milli müzakirələrin keçiriləcəyini bildirib.
Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “Sarı jilet”lər hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Ötən şənbə günü Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.