DÜNYA
Fransalı mütəxəssislər təyyarə qəzasının səbəblərini təhqiq etmək üçün İrana gəlib
Bakı, 21 fevral, AZƏRTAC
Fransanın 7 nəfərdən ibarət mütəxəssis qrupu İranın dağlıq ərazisində baş verən təyyarə qəzasının səbəblərini təhqiq etmək üçün Tehrana gəlib.
AZƏRTAC Mehr informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Ekspertlərdən üçü mülki aviasiya ilə bağlı insidentlərin təhqiqi ilə məşğul olan komissiyanın nümayəndəsi, dördü isə ATR kompaniyasının ekspertidir.
Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysini həyata keçirən “Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub. Təyyarənin bəzi hissələri və qəza qurbanlarının cəsədləri dünən yüksək dağlıq ərazidə aşkarlanıb.