SİYASƏT


Fransanın başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub - Rektor

Fransanın başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub -  Rektor

Bakı, 13 mart, AZƏRTAC

Fransanın başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub. Bu, özünü xristian olmayan dini qruplara baxışda açıq-aşkar göstərir. Bu ölkədə fərqli etnik və dini qruplar “ümumfransız” kimliyinin içərisində əridilməyə çalışılır, fərqliliklər gözardı edilir. Belə ki, Fransa dövlətinin xüsusən müsəlmanlara qarşı diskriminasiya siyasətində bu mövqenin təzahürləri barizdir. Məsələn 2018-ci ildə Fransanın cənubundakı Boker (Beaucaire) bölgəsi bələdiyyəsi məktəblərdə müsəlman və yəhudilər üçün nəzərdə tutulmuş donuz ətini ehtiva edən menyuları ləğv etdiyini açıqladı. 2022-ci ildə seçki kampaniyasında prezidentliyə namizədlərdən biri ultrasağçı Marin Le Pen (Marine Le Pen) müsəlman qadınların hicab geyinmələrini qadağan edəcəyini bildirdi. Seçki kompaniyasını qeyri-fransızlara və qeyri-xristianlara qarşı nifrət üzərində quran Le Penin seçicilərin 17 faizinə qədərinin səsini alması ksenofob və islamofob ideyaların fransız cəmiyyətində sürətlə yayıldığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

“Əslində Fransanın tarixinə diqqət yetirdikdə bunun heç də təəccüblü olmadığını görərik. Əsrlərdir başda Afrika olmaqla öz müstəmləkələrində guya “sivilləşdirmə missiyası” həyata keçirdiyini iddia edən Fransa bu şüar altında yerli xalqların milli və dini kimliyinin “fransız kimliyi” içərisində əridilməsi siyasətini yürüdüb. Afrikanın müxtəlif ölkələrində yerli xalqların dillərinin unutdurulması və fransız dilinin hələ də dövlət dili kimi qalması assimilyasiyaya əsaslanan bu müstəmləkəçilik siyasətinin məntiqi nəticəsidir. Fransa bu gün eyni siyasəti öz ərazisində yaşayan azlıqlara qarşı da həyata keçirir. Hazırda Fransa əhalisinin 10 faizə qədərinin müsəlman olmasına baxmayaraq, hələ də müsəlmanlar diskriminasiyaya məruz qalırlar. Fransadakı İslamofobiya üzrə Milli Müşahidə Təşkilatının sədri Abdullah Zəkrinin verdiyi məlumata əsasən, 2020-ci ildə sözügedən ölkədə islamofob hücumların sayı 53 faiz artıb. Belə hallar təəssüf ki, ildən-ilə artır. Fransa hökuməti isə bu hallarla mübarizə yerinə islamofobiyanı artıracaq addımlar atmağa davam edir. 2020-ci ildə Prezident Makronun “İslam bütün dünyada böhranda olan bir dindir” sözləri fransız hökumətinin İslama və müsəlmanlara qarşı neqativ münasibətinin əyani sübutudur. Həmçinin son illərdə Fransa hökumətinin dəstəklədiyi “Fransa İslamı” proyektinin də müsəlmanların assimilyasiyasına hesablandığını irəli sürmək mümkündür”, - deyə Aqil Şirinov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.