ELM VƏ TƏHSİL
“Fransızca-Azərbaycanca ictimai-siyasi lüğət” çapdan çıxıb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülfət İbrahimin “Fransızca-Azərbaycanca ictimai-siyasi lüğət” kitabı çap olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, lüğətdə son dövrlərdə mətbuatda istifadə edilən ictimai-siyasi mənalı söz və söz birləşmələri, habelə BMT, Avropa İttifaqı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və onlara aid qurumların adları öz əksini tapıb.
Nəşrdə söz və söz birləşmələrinin yalnız ictimai-siyasi mənaları verilib. Eyni zamanda, sözlərin sinonim və antonimlər qarşılığı təqdim olunub.
Lüğət fransız dilini ixtisas və qeyri-ixtisas dili kimi öyrənən və bu dildən ünsiyyət vasitəsi kimi istifadə edən diplomat kadrlar, xarici dil mütəxəssisləri, tərcüməçilər, habelə ictimai-siyasi mətnləri fransız dilindən Azərbaycan dilinə çevirənlər üçün tərtib edilib.
Kitaba əsas beynəlxalq təşkilatların adlarının tam və ixtisar edilmiş formaları, müasir dövrün ən qlobal problemlərindən biri olan mühacirət lüğəti, beynəlxalq təşkilatların, həmçinin Azərbaycanda fəaliyyət göstərən nazirliklər, dövlət qurumlarının adlarının tərcüməsi əlavə edilib.