DÜNYA
“Fukusima-1” AES-də qəzalı reaktordan yanacaq millərinin çıxarılmasına başlanılıb
Tokio, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Yaponiyanın şimal-şərqində yerləşən, 2011-ci il zələlzəsindən sonra atom qəzasının baş veridiyi “Fukusima-1” atom elektrik stansiyasında (AES) qəzalı reaktordan yanacaq millərinin çıxarılmasına başlanılıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, AES-in 3 nömrəli reaktorunda 514 ədəd işlənmiş və 52 ədəd istifadə edilməmiş mil saxlanılır.
AES-in operatru olan TEPCO şirkəti həmin millərin çıxarılmasına ilkin planda nəzərdə tutulduğundan dörd il dörd ay sonra başlayıb. Həmin iş məsafədən idarə edilən kran və monitor vasitəsilə icra edilir.
Telekanal tərəfindən yayımlanan videoda içərisində işlənmiş millər olan kvadratşəkilli karkasın kran tərəfindən necə çıxarıldığı görünür. Millərin yerləşdiyi hovuzda kiçik qırıntıların olmasına baxmayaraq, TEPCO onların zədələnmədiyini bildirir.
Bu, 2011-ci il qəzasından sonra həmin reaktorda ərimiş millərin çıxarılmasına ilk cəhddir. Bunun üçün TEPCO millərin olduğu hovuzun yerləşdiyi binanı rektiv tullantıdan təmizləyib, onun yuxarı mərtəbəsində isə deaktivasiya işləri aparıb.
İşlənmiş millərin digər AES-ə aparalaraq oradakı soyuducu hovuza yerləşdirilməsi nəzərdə tutulur.
Üç nömrəli reaktorda işlərin 2020-ci ildə, bir və iki nömrəli reaktorlarda isə 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır. Ümumiyyətlə “Fukusima-1” AES-də 1573 milin olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio