ELM VƏ TƏHSİL
“Fulbrayt” proqramı üzrə müasir tədris metodları öyrənilir
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Lehi Universitetinin “Fulbrayt” təqaüdü üzrə eksperti, professor Cill Sperandionun iştirakı ilə “Ən yaxşı öyrətmə təcrübələri” mövzusunda “dəyirmi masa” keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov xanım C.Sperandionun təhsil siyasəti və idarəçiliyi üzrə tanınmış və nüfuzlu mütəxəssis olduğunu bildirib. Onun dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərdiyini deyən C.Cəfərov hazırda professorun “Fulbrayt” proqramı çərçivəsində ölkəmizdə çalışdığını bildirib. Rektor qeyd edib ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi və əldə edilmiş qarşılıqlı razılıq əsasında C.Sperandion ADPU-da dörd ay müddətində fəaliyyət göstərəcək .
Tədbirdə təqdimatla çıxış edən professor C.Sperandion müasir tədris metodları barədə məlumat verib. O, qeyd edib ki, XXI əsrin təhsil fəlsəfəsinə uyğun olaraq tələbələrdə azad seçim, ünsiyyət, yaradıcılıq, tənqidi düşüncə və əməkdaşlıq bacarıqları formalaşdırılmalıdır.
Professorlar Buludxan Xəlilov, Fərrux Rüstəmov, Müseyib İlyasov, İramin İsayev və digər çıxış edənlər C.Sperandionun təqdimatını yüksək dəyərləndirib, mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.