İDMAN


Futbol üzrə Azərbaycan millisi Latviya komandasına 3:1 hesabı ilə qalib gəlib

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Riqadakı “Dauqava” stadionunda futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş Azərbaycan futbolçularının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 20-ci dəqiqəsində komandamızın üzvü Maksim Medvedev hesabı açıb. Birinci hissə 1:0 hesabı ilə başa çatıb.

Qarşılaşmanın 57-ci dəqiqəsində Cavid İmamverdiyev hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunun 67-ci dəqiqəsində isə Emin Mahmudov adını tabloya yazdırıb - 3:0.

Meydan sahibləri oyunun son dəqiqələrində vurulan qollardan birinin əvəzini çıxıblar. Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Robert Uldrikis müdafiəçilərimizin səhvindən istifadə edərək hesab arasındakı fərqi azaldıb – 3:1.

Beləliklə Qurban Qurbanovun yetirmələri UEFA Millətlər Liqasından əvvəl sonuncu yoldaşlıq görüşünü qələbə ilə başa vurublar.

Xatırladaq ki, Azərbaycan və Latviya komandaları sonuncu dəfə 2004-cü ildə Riqada qarşılaşıblar. Həmin görüş 2:2 hesabı ilə yekunlaşıb. Millimizin Latviya yığması ilə bundan əvvəl 1997-ci ildə və 2002-ci ildə səfərdə keçirdiyi oyunlarda da qalib müəyyənləşməyib - 0:0.

Bugünkü matç yığmamızın Qurban Qurbanovun rəhbərliyi ilə altıncı oyunu olub. Milli komandamız Qırğızıstan yığmasına 3:0 hesabı ilə qalib gəlib. Moldova və Makedoniya komandaları ilə qarşılaşmalar müvafiq olaraq 0:0 və 1:1 hesabı ilə başa çatıb. Digər iki görüşdə isə rəqib komandalar üstün olublar. Millimiz Belarusa 0:1, Qazaxıstana isə 0:3 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.