REGİONLAR
Füzuli: əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir
Füzuli, 13 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Füzuli rayonunda ümumi məhsul buraxılışının həcmi 82.236,7 min manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Ümumi məhsul buraxılışının 5.911,3 min manatı sənaye müəssisələrinin, 49.550,6 min manatı kənd təsərrüfatının, 5.800,1 min manatı tikinti-quraşdırma işlərinin payına düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Horadiz şəhərində 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin məruzəsində bildirilib ki, hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş bir sıra tədbirlərin icrasına başlanılıb, tikinti-quruculuq işləri davam etdirilib. Hazırda rayon ərazisində 400 ailəlik yeni qəsəbənin, Horadiz şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün binanın, rəsm qalereyasının, avtovağzalın, istixana kompleksinin, Dördüncü Zobucuq qəsəbəsinin ərazisində kənd təsərrüfatı məhsullarının satış mərkəzinin tikintisi, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması həyata keçirilir. Sənaye məhəlləsinin və iri fermer təsərrüfatlarının yaradılması üçün iş aparılır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli taxılçıları bu il 35 min 828 hektar sahədən 120 min 337 ton taxıl əldə ediblər. Bu, Füzuli rayonu üçün rekord göstəricidir. Rayonun torpaq mülkiyyətçiləri həmçinin 2016-cı ilin məhsulu üçün 165 hektarda qarğıdalı, 505 hektarda pambıq, 141 hektarda kartof, 698 hektarda tərəvəz, 37 hektarda günəbaxan, 6040 hektarda yem bitkiləri, 521 hektarda şəkər çuğunduru, 496 hektarda bostan bitkiləri becəriblər. Rayonda ənənəvi sahələr olan baramaçılıq və pambıqçılığın inkişafı üçün müvafiq tədbirlər görülür. Bu il 3 tondan artıq barama istehsal edən füzulili kümçülər növbəti illərdə 30 tona yaxın məhsul əldə etməyi qarşıya məqsəd qoyublar. Bunun üçün hazırlıq işlərinə başlanılıb. Avqust ayında rayon ərazisində 30 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, rayon əhalisinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarlarına da bir sıra kənd təsərrüfatı məhsulları çıxarılır.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman, xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.