REGİONLAR
GDU ilə Dokuz Eylül Universiteti arasında ikili diplom proqramı çərçivəsində əməkdaşlıq uğurla davam edir


Gəncə, 5 iyun, Elcan Məmmədov, AZƏRTAC
Dokuz Eylül Universitetinin əməkdaşlarının Gəncə Dövlət Universitetində (GDU) ikili diplom proqramı çərçivəsində təcrübə mübadiləsinin birinci mərhələsi uğurla başa çatıb.
GDU-dan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahinlə görüş keçirib. Rektor ali təhsil ocağında 2 həftə ərzində təcrübə mübadiləsində fəal iştirak etdiklərinə görə türk müəllimlərə təşəkkürünü bildirib.
Qonaqlar onlara göstərilən diqqəti, müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də tədris prosesinin təşkilini yüksək qiymətləndiriblər.
Görüş zamanı iki universitet arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, mayın 22-dən etibarən Dokuz Eylül Universitetinin professoru Kerem Canlı və dosent Ergin Şahin ikili diplom proqramı çərçivəsində elmi tədqiqatlara dair təcrübə mübadiləsi ilə bağlı Gəncə Dövlət Universitetinə ezam olunublar. İki həftə ərzində Kimya-biologiya fakültəsinin tələbələrinə müxtəlif mövzularda ustad dərsləri və seminar müşavirələr keçirilib, elmi-tədqiqatlara dair təcrübə mübadiləsi aparmaq məqsədilə qərb bölgəsi üzrə ekspedisiyalar təşkil edilib.