MƏDƏNİYYƏT
GUAM-ın Katibliyində turizm üzrə işçi qrupunun 6-cı iclası keçirilmişdir
Kiyev, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 25-26-da GUAM-ın baş qərargahında turizm üzrə işçi qrupunun 6-cı iclası keçirilmişdir. İclasda GUAM-ın turizm operatorlarının, turizm agentliklərinin, Yaponiyanın Kiyevdəki səfirliyinin, “Turkish Airlines” aviaşirkətinin və GUAM Katibliyinin nümayəndələri iştirak etmişlər.
İclas iştirakçıları Tokioda keçirilmiş “JATA World Trade Fair 2010” Ümumdünya Turizm Sərgisinin yekunlarını müzakirə etmişlər.
İşçi qrupunun üzvləri GUAM-ın birgə turizm məhsulunun inkişafına dair fəaliyyət Planının yerinə yetirilməsinin gedişini nəzərdən keçirmiş, bələdçilərin hazırlanması prosesinə xüsusi diqqət yetirmişlər. Bundan əlavə, JICA seminarı zamanı GUAM-ın turizm məhsuluna maraq göstərmiş potensial tərəfdaşların – Yaponiya turizm operatorlarının siyahısının müəyyənləşdirilməsi və onların GUAM üzrə informasiya turlarına dəvət edilməsi barədə razılıq əldə edilmişdir. Yaponiya informasiya agentliklərinin nümayəndələri üçün mətbuat turlarının keçirilməsi barədə qərar qəbul edilmişdir.
İşçi qrupunun üzvləri 2011-ci ilin fevralında Yaponiyada keçiriləcək turizm üzrə seminarın gündəliyini təsdiq etmişlər.
İclasın yekunlarına dair müvafiq protokol imzalanmışdır.
Turizm üzrə işçi qrupunun növbəti iclası 2011-ci il yanvarın sonlarında GUAM Katibliyində keçiriləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev