REGİONLAR
Gələn il Qazaxda əkin sahələri 21 min 476 hektara çatdırılacaq
Qazax, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Cari ildə Qazax rayonunda 20 min 633 hektarda əkin işi aparılıb. Bu, ötən illə müqayisədə 1938,63 hektar çoxdur. Gələn il isə rayonda əkin sahələrinin 21 min 476 hektara çatdırılması qarşıya məqsəd qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq bir neçə ildir dinamik olaraq rayon üzrə taxıl əkini sahələri artırılır. Belə ki, keçən il əkilən 11 min 39,8 hektar taxıl sahəsinin 8 min 289,2 hektarını buğda, 2 min 750,6 hektarını isə arpa təşkil edib. Bu il isə əkin sahələri genişləndirilərək 12 min 629 hektara çatdırılıb ki, bunun da 9 min 102 hektarı buğda, 3 min 527 hektarı isə arpa olub.
Artıq xeyli vaxtdır rayonda məhsulu yığılmış sahələrdə hazırlıq işlərinə başlanılıb. Gələn ilin bol məhsulu üçün 13 min 180 hektar sahədə taxıl səpini aparılacaq. Əkilən sahələrin 9 min 400 hektarını buğda, 3 min 780 hektarını isə arpa təşkil edəcək.
Hazırda əkin sahələrində 103 texnika işləyir. Gün ərzində 400-500 hektarda şum aparılır. Əkin işlərinin aqrotexniki qaydalarla həyata keçirilməsinə rayondakı mütəxəssislər tərəfindən nəzarət olunur.