İQTİSADİYYAT
Gəmiçilik ötən il 77 kubmetr neft qalığını ərazilərdən kənarlaşdırıb
Bakı, 18 fevral, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.
Gəmiçilikdən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin nəticələrinə görə, ASCO gəmilərindən 102,53 kubmetr plastmas, 808,97 kubmetr qida qalığı, 659,52 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və sair), 113,755 kubmetr istismar tullantısı, 5,359 kubmetr elektron tullantı, 77 kubmetr neft qalığı, 5542 kubmetr döşəməaltı lyal sular, 98 min 393,8 kubmetr məişət təsərrüfatı çirkab suyu bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.
Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 159,8 kubmetr çən dibində formalaşmış neftli şlam, 10,119 ton yanmış qəlib qumu, 1473,15 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 75 min 428,84 ton məişət çirkab suyu, 1308 ton neftli döşəməaltı-lyal su, 175,755 ton sürtgü yağı, 4968,502 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və sair), 1352,2 kubmetr qida qalığı, 315,2 kubmetr polimer əsaslı və plastmas tullantı, 126,31 kubmetr yağlı və neftli tullantı, 117,85 kubmetr müxtəlif rezin tullantı, 43 ədəd akkumulyator və halvanik element, 663,04 kubmetr istismar tullantı, 15,408 kubmetr elektron tullantı, 8,57 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və QSC-nin sahil fəaliyyət akvatoriyaları səthindən 64,37 kubmetr müxtəlif ölçülü əşya yığılıb təhvil verilib.
Ötən il ümumilikdə 1866,106 ton silinmiş qara metal, 17,965 ton əlvan metal isə təkrar emala göndərilib.