CƏMİYYƏT
Gənc alim və rezidentlərin elmi-praktiki konfransında Heydər Əliyevin xilaskar rolundan danışılıb
Bakı, 5 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir, çünki o, ölkəmizin ən ağır vaxtında böyük məsuliyyəti üzərinə götürərək xalqımızı düşdüyü vəziyyətdən çıxarıb.
Bu barədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xalqımızın ümummilli liderinin anadan olmasının 95 illiyinə həsr olunmuş gənc alim və rezidentlərin elmi-praktiki konfransında danışılıb.
AZƏRTAC xəbər verir ki, konfransı institutun rektoru, professor Nazim Qasımov açaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixindəki titanik fəaliyyəti, xilaskar rolu barədə ətraflı bəhs edib. Qeyd olunub ki, dünya şöhrətli siyasətçinin müdrik və uzaqgörən addımları digər sahələrdə olduğu kimi, səhiyyə sistemini də böyük tərəqqi və inkişaf yolun çıxarıb. Onun apardığı siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ölkə səhiyyəsi daha böyük uğurlara doğru gedir.
Sonra konfrans öz işini institut gənc alim və rezidentlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirib. Sinir xəstəlikləri, mamalıq və ginekologiya, II ümumi cərrahiyyə, psixiatriya və narkologiya, onkologiya kafedralarının əməkdaşları Nurlana Ağayeva, Natiq Məhərrəmov, Günay Əfəndiyeva, Ruhəngiz Hacıyeva, Eldar Haqverdi və Aytən Səfixanova təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib, mövzular ətrafında diskussiyalar aparılıb.