CƏMİYYƏT
Gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi iddiası öz təsdiqini tapmayıb
Bakı, 8 fevral, AZƏRTAC
Aparılan epidemioloji araşdırmalar və laborator müayinələrin nəticəsində Nərdanə Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi iddiası öz təsdiqini tapmayıb. Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır və insandan insana keçmir.
Qeyd edək ki, Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin tarix fakültəsinin I kurs tələbəsi idi.