İDMAN
Gənc şpaqaçılarımız Belqradda keçirilən Dünya Kubokunda çıxış ediblər
Bakı, 5 fevral, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, gənc şpaqaçılarımızdan Ruslan Həsənov kişilərin şəxsi yarışında qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qalib gələrək pley-offa vəsiqə qazanıb. Pley-offda Macarıstan idmançısı Nandor Zakmari üzərində qələbə qazanan şpaqaçımız 1/64 finalda italiyalı Alessandro Ciniyə məğlub olub.
Qrupda keçirdiyi beş görüşdən üçünü qələbə ilə başa vuran Barat Quliyev isə pley-offda Belarus təmsilçisi İvan Baxvalaunu məğlub edib. O, 1/64 finalda fransalı Teo Kollinə uduzub.
Qrup mərhələsində altı oyunun ikisində uğur qazanan Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolev ilə görüşdən məğlub ayrılıb.
Kənan Məlikzadə isə qrupda keçirdiyi beş görüşün hamısında məğlub olub.
Gənc şpaqaçılarımız komanda yarışında onaltıdabir final mərhələsində Qazaxıstan yığmasına uduzub.