MƏDƏNİYYƏT
Gənc tarzənlər “Yeni adlar”da
Bakı, 30 iyun, AZƏRTAC
Gənclərdə klassik musiqiyə maraq və sevgi yaratmaq, bu istiqamətdə dinləyici auditoriyası formalaşdırmaq üçün müxtəlif təbliğat tədbirləri artıq sistemli hal alıb. Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi də gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onların musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır və istedadlı gənclərin üzə çıxarılması, geniş auditoriya tərəfindən tanınmasına köməyi hədəfləyir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafı üçün böyük stimuldur.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. İstedadlı tarzənlər İsmayıl Zülfüqarov və Mircavid Cəfərov Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiətində tarın sehr və incəliklərini tamaşaçılara çatdırıblar.
Tofiq Bakıxanovun və Hacı Xanməmmədovun tar və orkestr üçün konsertləri özünəməxsus ifa emosionallığı olan musiqiçilərin təqdimatında fərqli bir ovqat yaradıb, dinləyicilərin könlünü oxşayıb.