MƏDƏNİYYƏT
“Gənc turist” klublarının iştirakı ilə infotur təşkil olunmuşdur
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) şəbəkəsinə daxil olan “Gənc turist” klubları əlaqələndiricilərinin iştirakı ilə Qobustana və İçərişəhərdəki maddi-mədəniyyət abidələrinə, həmçinin muzeylərə infotur təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, BŞMTİ-nin və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilmiş infotur Azərbaycanda “Turizm ili” çərçivəsində 27 sentyabr - Dünya Turizm Gününə həsr edilmişdir.
Gənclər əvvəlcə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olmuş, sonra Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini gəzmiş və “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinə baş çəkmişlər.
Məqsəd mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Gənc turist” klublarının əlaqələndiricilərinin turizm sahəsində maarifləndirilməsi və xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasıdır. Eyni zamanda turizm sahəsinin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq və meyillərini təmin etməkdir.
Bildirilmişdir ki, BŞMTİ-nin müvafiq əmrinə əsasən, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində “Gənc turist” klubları yaradılmışdır. Hazırda 869 nəfərdən ibarət 70 “Gənc turist” klubunun üzvləri 12-17 və 18-25 yaş qrupları üzrə bölünmüşdür.