REGİONLAR
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində anım tədbiri keçirilib
Gəncə, 24 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və ölkəmizin parlaq Qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar tədbir keçirilib.
Görüşdə müəssisə rəhbərliyi, Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlar, həmçinin şəhid ailələri və müəssisənin digər işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Birliyin direktoru Bağban Nəbiyev çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın düşmən tapdağından azad olunmasını böyük tarixi hadisə kimi qiymətləndirib.
Çıxış edənlər bir il bundan öncə xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqların azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu-xalq vəhdətindən, həmin şərəfi günlərdə istər hərbçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə-gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışıblar.
Tədbirin sonunda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Qarabağ müharibələrində iştirak etmiş əməkdaşları ilə bağlı məlumat lövhəsinin hazırlanması qərar alınıb.