SİYASƏT


Gəncə hadisələri ilə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi önündə guşə yaradılıb

Sofiya, 24 oktyabr, AZƏRTAC

Ermənistan tərəfindən gecə vaxtı Gəncə şəhərinin sıx məskunlaşmış ərazilərinin qadağan olunmuş raketlərlə atəşə tutulması və digər şəhərlərimizdə mülki əhalinin hədəfə alınması ilə bağlı məlumatların Bolqarıstan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin önündə Gəncə hadisələri nəticəsində həlak olmuş insanları yad etmək məqsədilə guşə yaradılıb. Səfirliyin inzibati binasının divarlarına Ermənistan tərəfindən mülki əhaliyə təcavüzü əks etdirən şəkillər yerləşdirilib.

Türkiyənin Bolqarıstandakı səfiri Aylin Sekizkök və səfirliyin əməkdaşları sözügedən guşəni ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra səfirlikdə çay süfrəsi ətrafında qarşı tərəfə ölkəmizdə baş verən son hadisələr və Ermənistanın mülki əhaliyə xain hücumları müzakirə edilib.

Bolqarıstan Müsəlmanları Ali İslam Şurasının sədri Vedat Əhməd başda olmaqla Bolqarıstan Müsəlmanlar Dəyanəti Baş Müftiliyinin əməkdaşları guşəni ziyarət edərək həlak olanların ruhuna dualar oxuyublar. Bundan əlavə, Bolqarıstanda yaşayan diaspor nümayəndələrimizin və yerli mətbuatın iştirakı ilə anım mərasimi təşkil olunub. Mərasimdə Pakistanın Bolqarıstandakı səfirliyinin müşaviri və ölkəmizə dost münasibət bəsləyən bolqarlar da iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsindən əlavə, ətrafda yerləşən və ermənilərin heç yaşamadığı yeddi rayonu da işğal ediblər. Həmin ərazilərdə Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, habelə qeyri-qanuni məskunlaşma siyasəti aparılıb. Ermənistan ordusu Azərbaycan kəndlərinə və mülki əhalisinə daim atəş açır və Gəncə hadisələri buna əyani sübutdur.

Səfir bolqar mətbuatını XXI əsrdə insanlıq əleyhinə törədilmiş bu cinayətə göz yummamağa səsləyib.

Bolqarıstanda yaşayan Azərbaycan icmasının nümayəndələri və ölkəmizə dost münasibət bəsləyən bolqarlar da yerli mətbuata müsahibələr verərək bu hücumları qəti şəkildə pisləyiblər. Tədbiri Bolqarıstan Milli Televiziyası, Bolqarıstan Milli Radiosu, “Nova” televiziya kanalı, “Eurocom” “Alfarss”, “Focus-News”, “Standart”, “Novinata” və “Fakti” xəbər portalları işıqlandıraraq xəbərlər yayımlayıb və məqalələr dərc ediblər.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.