SİYASƏT


Gəncə hadisələri ilə bağlı ictimai müzakirə keçirilib

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 17-də Beynəlxalq Diaspor Mərkəzi və Milli QHT Forumu Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev bildirib ki, bəzi qüvvələr zaman-zaman Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətin qüdrətlənməsinə, dünyadakı mövqelərinin güclənməsinə qısqanclıqla yanaşıblar. Azərbaycanın sürətli inkişafını bir çox qüvvələrin gözü götürmür. Onlar bunu qəbul edə bilmirlər ki, o qədər də böyük olmayan ölkə qısa bir zaman kəsiyində dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. İ.Ağayev hər bir azərbaycanlını ayıq-sayıq olmağa, dövlətçiliyimizi qorumaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Müstəqil Azərbaycanda din-dövlət münasibətlərinin ən yüksək səviyyədə təmin olunduğunu, inanclı insanların ibadəti üçün bütün şəraitin yaradıldığını vurğulayan sədr qeyd edib ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dönə-dönə qeyd edib ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayıb və bu gün də yaşayır. Ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik olmayıb.

Azərbaycan-Çexiya Dostluq Cəmiyyətinin sədri Azər Kərimov bildirib ki, ölkə xaricində yaşayan bir azərbaycanlı kimi son hadisədən olduqca məyusdur. Bu gün Azərbaycandan kənarda olan müəyyən şəxslər var ki, onlar ölkədə sabitliyin pozulmasında maraqlıdır. Lakin xaricdə dövlətinə, millətinə bağlı olan soydaşlarımızın da çox olduğunu vurğulayan A.Kərimov onların mənfur insanlara qarşı daim mübarizə apardığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, Gəncə hadisələri baş verəndən dərhal sonra forum məsələyə münasibətini bildirərək bu təxribatçı əməli pisləyib. Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qabaqcıl ölkəsinə çevrilib. Multikulturalizm dövlət siyasəti elan edilib. İrimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. Lakin bütün bu uğurları gözü götürməyən, itaətsizlik yaratmağa çalışan insanlar var. Onların hər biri qanun qarşısında öz cəzalarını alacaqlar. O deyib ki, Azərbaycana qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparır. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan atır. Milli QHT Forumu ölkəmizə qarşı yönələn bu cür qaralama kampaniyasına qarşı cavabsız qalmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.