REGİONLAR
Gəncədə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə start verilib
Gəncə, 8 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Oktyabrın 8-də Gəncədə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə muzey işçiləri, ali məktəblərin tələbələri, həmçinin xalçaçılıq sənətinə maraq göstərən gənclər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən layihənin əlaqələndiricisi Fuad Rəsulov bildirib ki, məqsəd Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu xalçaçılıq sənətinin tarixinin öyrənilməsi və təşviqi, həmçinin gənclərin iştirakı ilə bölgələrdə xalçaçılıq üzrə kursların təşkil edilməsidir.
Tədbirdə qeyd olunub ki, Heydər Əliyev Fondu dekorativ-tətbiqi sənətkarlığın ən gözəl növlərindən olan xalçaçılığın dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli xalçaçılıq sənətimiz 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Azərbaycan xalçaçılıq sənətinə dövlət dəstəyindən danışan Fuad Rəsulov deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda orijinal layihə əsasında Azərbaycan Xalça Muzeyi üçün möhtəşəm bina tikilib. Hazırda həmin muzeydə qorunan xalçalar interaktiv üsulla nümayiş olunur.
Layihə iştirakçıları üçün tədris planı bir ay müddətinə nəzərdə tutulub. Həmin müddətdə Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, eyni zamanda, xalça üzərində milli naxışların vurulması və toxunma texnikaları əyani şəkildə öyrədiləcək.
Sonda layihəni uğurla başa vuran gənclərin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil ediləcək və onlara sertifikat veriləcək.
Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova layihə iştirakçılarına ölkəmizdə xalçaçılıq sənətinin keçdiyi tarixi inkişaf yolundan danışıb, dünyanın məşhur muzeylərində qorunan Azərbaycan xalçaları haqqında məlumat verib.
Təqdimat mərasimində Azərbaycan xalçalarından bəhs edən film nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.