REGİONLAR
Gəncədə əsgərlər Vətənə sədaqət andı içiblər VİDEO
Gəncə, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC
Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
AZƏRTAC xəbər verir ki, andiçmə mərasimində şəhid ailələrinin üzvləri, veteranlar, əsgər valideynləri, hərbi hissənin rəhbərliyi, yerli icra orqanlarıın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni səsləndirilib və tədbir açıq elan olunub.
Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Mərasimdə bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son vaxtlar silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Sonda Vətənə sadiqlik andı içən gənc əsgərlər nizami addımlarla tribuna qarşısından keçiblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub.