REGİONLAR
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırılıb
Gəncə, 15 iyul, Rauf Hacıyev, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə şəhərində Xocalı və Kəlbəcər rayonundan olan 600 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin telefonlaşdırılması başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU (Optik Network Union – optik şəbəkə nöqtəsi) tipli avadanlıq quraşdırılıb. 2130 metr fiber–optik kabel çəkilərək birləşdirici xəttin tikintisi həyata keçirilib, daxili xətt şəbəkəsinin qurulması üçün müxtəlif tutumlu 9318 metr kabel çəkilib.
Qəsəbədə 227 ədəd rabitə dirəkləri basdırılıb, 60 ədəd kabel meydançası və 60 abonent qutusu quraşdırılıb, eyni zamanda, 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel–kanalizasiya qurğusu tikilərək istifadəyə verilib. 3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Bununla da qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.
“Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabbarov bildirib ki, bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək.
“Xocalıdan və Kəlbəcərdən qaçqın düşmüş vətəndaşlarımız üçün yeni salınan bu qəsəbəni müasir texnologiyalara əsaslanan avadanlıqlarla təmin etmişik. Bu avadanlıq imkan verəcək ki, qəsəbə sakinləri xidmətlərimizdən yüksək keyfiyyətlə istifadə etsinlər. Əlbəttə, həyata keçirilən belə layihələrimiz davamlıdır və digər bölgələrimizi də əhatə edəcək” – deyə E.Cabbarov qeyd edib.