CƏMİYYƏT
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 10 avqust, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində qətiyyətli tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum edilmiş 42 yaşlı Muraz Məmmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kiloqram 950 qram marixuana və 850 qram heroin götürülüb. Bundan başqa, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.