REGİONLAR
Gəncədə qazilər Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmaq üçün müraciət ediblər
Gəncə, 16 fevral, Elcan Məmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Vətən müharibəsi qaziləri ilə görüşüb.
YAP Gəncə şəhər təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Ramil Orucov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət göstəriblər: “Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk”.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələri, qazilər diqqət və qayğı ilə əhatə olunublar. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.
Söhbət zamanı Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yollarından danışıblar.
Qazilər adından çıxış edən Samir Məmmədov deyib: “Biz hər birimiz Vətən və dövlət qarşısında öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin qayğısı, Azərbaycan xalqının dəstəyi bizə əlavə güc verdi. 44 günlük Vətən müharibəsində qismətimizə qazi olmaq yazılsa da, böyük Qələbəni, dünyaya səs salan möhtəşəm Zəfərimizi görməkdən qürur duyuruq. Qürur duyuruq ki, bu gün də Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirik. Bu tədbirdə iştirak edən qazilər adından xahiş edirəm ki, bizi ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edəsiniz”.
Sonda Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.