REGİONLAR
Gəncədə şəhid övladları üçün düşərgə təşkil olunub
Gəncə, 13 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Qadın Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərində “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini davam etdirir.
QHT-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihənin məqsədi sosial-psixoloji maarifləndirmə işlərini aparmaq və dövlət proqramlarına təşviq etməklə şəhid ailələrinin və raket hücumuna məruz qalan şəxslərin reabilitasiyalarına nail olmaq, Qarabağın dirçəldilməsinə və inkişafına cəlb etməkdir.
Bu məqsədə nail olmaq üçün 26 fevral – 6 mart tarixlərində Gəncədən olan 100-ə yaxın şəhid övladlarının iştirakı ilə düşərgə təşkil edilib. Düşərgədə uşaqlarla Qarabağ, vətənpərvərlik, şəxsi inkişaf və onun yolları, ətraf mühitə qayğı və s. mövzularda sessiyalar keçirilib. Düşərgənin təşkili şəhid övladlarının sosiallaşmasına xidmət edir.
Düşərgədə təlimçilər Peykər İbrahimova, Natiq Xəlilov, Leyla Camalzadə, Gülnar Məmmədova iştirakçılara maraqlı və dinamik təlimlər keçiblər.