CƏMİYYƏT
Gəncədə top mərmisinin gilizləri aşkarlanıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də saat 09:58-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin köhnə avtomobil bazarının qarşısından uzunluğu bir metr olan iki mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə regional bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində boş vəziyyətdə 100 millimetrlik iki top mərmisinin gilizləri aşkarlanıb. Həmin gilizlər götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Onların tapıldığı yerin ətrafında 55 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.