REGİONLAR
Gənclər onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar VİDEO
Quba, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də öz növbəsində, dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba şəhərindəki Gənclər Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan konfransda danışılıb.
Konfransdan əvvəl rayon rəhbərliyi və gənclər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Daha sonra qubalı gənclərin idman və bilik yarışlarında, fənn olimpiadalarında qazandığı uğurları özündə əks etdirən stendlərə baxış olub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev və fəal gənclər çıxış edərək, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasətindən söz açıblar.
Bildirilib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Üç yüz nəfərdən çox gəncin qatıldığı konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə fəxri fərman və mükafatlar verilib.