REGİONLAR
Gənclər zərərli vərdişlərin fəsadları barədə maarifləndirilib
Neftçala, 27 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala Peşə Məktəbində keçirilən görüşdə polis şöbəsinin əməkdaşları, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Neftçala Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər narkotiklərin insan sağlamlığına zərərli təsirlərindən danışıblar. Zərərli maddələrin - "ağ ölüm”ün aludəçisinə çevrilən gənclərin sonu olmayan vərdişlərdən qurtulması yollarını diqqətə çatdıran məruzəçilər bu istiqamətdə görülən işlərdə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyini qeyd ediblər.
Tədbirin sonunda insanda asılılıq yaradan, onun bütün gələcəyini və şəxsi həyatını məhv edən narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.