REGİONLAR
Gənclərin vətənpərvərlik ruhunda yetişməsində dövlət rəmzlərinin təsiri böyükdür
Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Gənclər mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da gənclərin vətənpərvərlik ruhunda yetişməsində dövlət rəmzlərinin təsirinə dair müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək gənclərin vətənpərvər ruhda böyüməsi üçün dövlət rəmzlərinin təbliğinin vacibliyindən danışıb. Diqqətə çatdırılıb ki, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin gənclər arasında geniş təbliği, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi onların vətənpərvərlik ruhunun artırılmasında müstəsna əhəmiyyət kəsb edir.
Rayon təhsil şöbəsinin metodisti Gülağa Məmmədov qeyd edib ki, dövlət atributlarının gənclər arasında təbliği onların vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə xidmət edir. Ona görə də cəmiyyətin bütün təbəqələri bu işdə fəal olmalıdırlar.
Digər çıxışlarda da bildirilib ki, vətənpərvərlik mövzusunda keçirilən tədbirlər gənclərin gələcək həyatında müstəsna rol oynayır, onların vətənpərvər, xalqını, millətini sevən gənc kimi formalaşmasına mühüm töhfə verir.