CƏMİYYƏT
“Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda zona onlayn konfransı
Bakı, 28 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi tərəfindən aprel ayından başlayaraq respublika rayon və şəhərlər gənclərinin iştirakı ilə keçirilən “Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda zona onlayn konfransı Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarına daxil olan rayonlarda da həyata keçirilib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərimizdən yararlanmaları, şəxsiyyətin formalaşmasında həmin dəyərlərin xüsusi və böyük əhəmiyyətini təbliğ etməkdir.
Tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Rəhim Rəhimli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarına daxil olan rayonların gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, dövlətin bu sahədə həyata keçirdiyi davamlı siyasətdən və qarşıda duran əsas məqsəd və vəzifələrdən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışıblar. Bununla yanaşı, çıxışçılar bu gün İslam aləmində gedən proseslərdən, dinin insanın formalaşmasındakı rolundan, din-elm münasibətlərindən, dövlətin din siyasətindən, dini dəyərlərin əhəmiyyətindən və bu istiqamətdə gənclərin qarşısında duran əsas vəzifələrdən söz açıblar.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Qeyd olunub ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3. yarımbəndinin (Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması) icrasını təmin etmək məqsədi ilə gerçəkləşdirilib.