SİYASƏT
Georgi Tsereteli: Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin tez-tez pozulması ciddi narahatlıq yaradır
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Bu gün ATƏT Cənubi Qafqazda mövcud olan problemlərin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan yeganə beynəlxalq təşkilatdır. Bu məsələ ilə birbaşa məşğul olan başqa, daha böyük və nüfuzlu təşkilatımız yoxdur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli söyləyib.
Onun sözlərinə görə, ATƏT və onun bütün qurumları, xüsusən də Minsk qrupu bu münaqişənin həlli ilə ciddi məşğuldur. Qurum problemin sülh yolu ilə həlli üçün əlindən gələni edir.
“Mən özüm də münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi və ATƏT PA-nın sədri kimi ATƏT məkanında baş verən bütün münaqişələrdən narahatam. Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin tez-tez pozulması, döyüşlərin intensivləşməsi da ciddi narahatlıq yaradır”, - deyə G.Tsereteli əlavə edib.
ATƏT PA-nın sədrinin sözlərinə görə, münaqişənin həlli ilə bağlı konkret nəticələrin və irəliləyişlərin əldə olunmasında əsas məsuliyyət tərəflərin üzərinə düşür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi