REGİONLAR
Gideyli kəndinin ağsaqqalı: Şükür olsun ki, o pis günlər geridə qaldı VİDEO
“İndi dolanmaq asandır, qabaqkı çətinliklər yoxdur”
İsmayıllı, 18 fevral, AZƏRTAC
Əvvəllər kənddə camaat su tapmırdı. İndi həyətdə çənlər var, kəndə çaydan su çəkiblər. 1941-ci ildə camaat kəpəyi bişirib yeyirdi. Şükür olsun Allaha, bu gün suyumuz, işığımız, çörəyimiz də var. Bunlara ölkəmizdəki sabitlik, əmin-amanlıq nəticəsində nail olunub. Sağ olsun Prezidentimiz, biz kənd sakinlərinin problemlərinə həmişə diqqət və qayğı ilə yanaşır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə İsmayıllının Gideyli kəndinin sakini Abdulkərim Əliyev deyib.
Abdulkərim kişi və yoldaşı Teybə nənə o vaxt kənd sakinləri üçün belə imkanların olmadığını deyirlər. “Yaşadığımız bu evi də çox çətinliklə bir yerdə tikmişik. Yoldaşım da yetim idi, mən də. O vaxtlar zəmanə yaxşı deyildi. 1941-1943-cü illərdə camaatın çoxu acından öldü. 1953-cü ilədək camaat arpa unu yeyirdi. Şükür olsun ki, o pis günlər geridə qaldı”, - deyə Abdulkərim kişi qeyd edir.
Teybə nənə də indi dolanmağın asan olduğunu bildirir. Deyir ki, indiki cavanlar özlərini əziyyətə vermək istəmirlər. “Çox çətinlik çəkmişik, yetim olmuşuq. Kolxoz işinə getmişik, çay yatağında bostan əkmişik, ot yığıb, kətmən vurmuşuq. Uşağı kürəyimə bağlayıb, çaya getmişəm, işləməyə. Axşamadək işləmişik. Qarğıdalının zoğunu çəkib, un edib yemişik. Camaat elə dolanıb. Amma indi dolanmaq asandır, qabaqkı çətinliklər yoxdur. Buna şükür etməliyik”.