İQTİSADİYYAT
“Global Project Development” Azərbaycan Sahibkarlar Konfederasiyasına əməkdaşlıq təklif edib
Bakı, 20 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Global Project Development” investisiya şirkəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) əməkdaşlıq təklif edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyada “Global Project Development”in direktorları və həmtəsisçiləri Badear Bhaişan Al-Mutairi və Abdul Mohesen Al Şoaibi ilə görüş keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov konfederasiya barədə qonaqlara məlumat verib. V.Zeynalov ASK-ın Azərbaycanda sahibkarların birləşdiyi böyük şəbəkə olduğunu vurğulayıb. Bildirib ki, hazırda konfederasiyanın Azərbaycanın rayonlarında 32, xarici ölkələrdə isə 18 nümayəndəsi fəaliyyət göstərir.
Badear Bhaişan Al-Mutairi təmsil etdiyi holdinqin Azərbaycana investisiya yatırmaq istədiyini vurğulayıb və bunun üçün potensial imkanların olduğunu diqqətə çatdırıb.
“Bizim böyük bir investor blokumuz var və ölkənizin investisiya mühiti barədə məlumat almaq istərdik”, - deyən qonaq Azərbaycan şirkətlərinin Səudiyyə Ərəbistanında tanıdılmasına da dəstək verməyə hazır olduqlarını qeyd edib.
O, şirkətin enerji, daşınmaz əmlak və kənd təsərrüfatı sektoruna sərmayə yatırılması planlarından bəhs edib. Deyib ki, investorluq üzrə bu sahələrdə çalışan şirkətlərə açıqdırlar, sərmayə qoyuluşunda tam və bir neçə müştərək şəxslərlə birlikdə də təmsil olunmağa hazırdırlar.
Abdul Mohesen Al Şoaibi investisiya üçün şirkətlərin tapılmasında ASK-ın köməyinə ehtiyac olduğunu söyləyib. ASK-ın nümayəndələri bu təklifi razılıqla qarşılayaraq birgə əməkdaşlıq fəaliyyətini rəsmiləşdirməyi təklif ediblər.